Bakıda keçirilən "Qadın iştirakçılığının təbliği" mövzusunda konfrans
Bakıda "Memarlıq və Şəhərsalma ili" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda konfrans keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransda bildirib ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) Azərbaycan üçün yeni mərhələdir. Onun sözlərinə görə, son illərin ictimai-siyasi və postmünaqişə reallıqları fonunda şəhərsalma artıq yalnız infrastruktur məsələsi deyil, ilk növbədə milli inkişaf, əhalinin və insanların maraqlarının nəzərə alınması, onlara qarşı sosial ədalətin və təhlükəsizliyin təmin olunması məsələsi kimi ortaya çıxır. Sədr işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərinin xüsusi keyfiyyət standartları ilə aparıldığını qeyd edib. O əlavə edib ki, azad olunmuş ərazilərdə "ağıllı şəhər və kənd" konsepsiyaları əsasında Azərbaycan standartları formalaşdırılır. Bu müasir idarəetmə modelləri ölkəmizin şəhərsalma sahəsində yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunun və dünyaya nümunə yaratdığının göstəricisidir.
