Kateqoriyalar
Sırala
ID 0142450

İkinci Dünya müharibəsinin 102 yaşlı veteranı Qaflan Ömərov

İkinci Dünya müharibəsinin canlı şahidlərindən olan Qaflan Ömərovun 102 yaşı olmasına baxmayaraq ömrünün müharibədə keçən ağır illəri bu gün də onun yaddaşında bütün canlılığı ilə yaşayır. 1924-cü ildə Quba rayonunun Ərməki kəndində anadan olan veteranın həyat yolu həm cəbhənin sınaqları, həm də zəhmətlə keçən illərlə yadda qalıb. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda o da minlərlə gənc kimi cəbhəyə yollanıb. Moskvadan Smolenskə qədər uzanan ağır döyüş yolu keçib. Cəbhədə dəfələrlə mühasirəyə düşüb, aclıq və ölüm qorxusu ilə üz-üzə qalıb. 1943-cü ildə hərbi təyyarənin hücumu zamanı ağır yaralanıb və gecəni qarın içində keçirməli olub. Meyitlər toplanarkən döyüş yoldaşları onun sağ olduğunu görərək xilas ediblər. Aldığı yaralar səbəbilə hospitalda müalicə olunub və bir müddət sonra doğma Qubaya qayıdıb. Bədənində qalan yara izləri keçdiyi çətin həyat yolunu ona bu gün də xatırladır. Cəbhədə göstərdiyi igidliyə görə dəfələrlə komandanlıq tərəfindən təltif olunan Qaflan Ömərov sonrakı illərdə də aktiv həyat sürüb. Müharibədən sonra uzun müddət Qubada rayon komitəsinin sədri kimi çalışıb. Rayonun inkişafı, quruculuq və abadlıq işlərində onun da əməyi olub. Bildirir ki, bu müddət ərzində illərin necə keçdiyini hiss etməyib, çünki ömrü həmişə çalışmaqla keçib. Bu gün bəzi xatirələri çətinliklə yada salsa da, yaddaşından silinməyən anlar hələ də qalır. Hafizəsində ən canlı qalan xatirələrdən biri də ömür-gün yoldaşı ilə tanışlığı, onunla birlikdə yaşadığı xoş günlərdir. Həmin illərdən danışarkən kövrəlir, birlikdə getdikləri sanatoriyalarda çəkilən fotoları göstərərək duyğulanır. Qaflan Ömərov eyni zamanda böyük bir ailənin başçısıdır. Onun 6 övladı, 16 nəvəsi və 33 nəticəsi var. Ömrünün bu çağında onu ən çox məyus edən isə dünyada hələ də müharibələrin davam etməsidir. Uzun ömür yaşamış veteranın 9 may – Faşizm Üzərində Qələbə Günündə ən böyük arzusu insanların sülh, əmin-amanlıq və təhlükəsizlik içində yaşamasıdır.

Digər fotolar
arrow-up