Kateqoriyalar
Sırala
ID 0142491

Mismar və tellərlə sənət əsərləri yaradan Minarə Mehdiyeva

Dekorativ-tətbiqi sənətin maraqlı istiqamətlərindən biri olan "string art" mismar və sapların köməyi ilə müxtəlif kompozisiyaların yaradılmasına əsaslanır. XIX əsrin sonlarında İngiltərədə formalaşan bu sənət növü zamanla dünyada geniş yayılıb və müasir dövrdə yeni texnikalarla inkişaf etdirilib. Bu istiqamətin yenilənmiş formalarından biri də filoqrafiyadır. Burada sap əvəzinə tellərdən istifadə olunur, daha dəqiq toxunuşlar və fərqli material həlləri ilə əsərlərə müasir görünüş verilir. "String art" və filoqrafiya dekorativ sənətdə həm estetik görünüşü, həm də əl əməyinin incəliyini bir araya gətirən sənət növlərindən sayılır. Dekorativ-tətbiqi sənət ustası Minarə Mehdiyeva artıq 10 ildir bu sahə ilə məşğuldur. Onun diqqətini məhz qeyri-ənənəvi sənət növləri cəlb edib. O, mismar və tellərin köməyi ilə Azərbaycan ənənələrini, milli motivləri və musiqi alətlərini fərqli formada canlandırmağa üstünlük verir. Minarə Mehdiyevanın fikrincə, hər ideya özünə uyğun ifadə formasını tapmalıdır və bu müxtəliflik onun yaradıcılığında üstünlük hesab olunur. Əl işləri əsasən yerli və xarici turistlər tərəfindən alınır. Bundan başqa, müxtəlif dövlət qurumları tərəfindən korporativ hədiyyələr və xüsusi qonaqlar üçün də sifarişlər verilir. Minarə Mehdiyeva fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı fərdi və qrup sərgilərində iştirak edib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olaraq təşkil edilən sərgilərdə mütəmadi yer alır və yaradıcılığını geniş auditoriyaya təqdim edir.

Teqlər
Digər fotolar
arrow-up