Kateqoriyalar
Sırala
ID 0142839

Retro üslubda kuklalar hazırlayan Nuranə Abdullayeva

Nuranə Abdullayeva artıq 6 ildir ki, kukla sənəti ilə məşğuldur. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında İncəsənət əsərlərinin bərpası və ekspertizası üzrə magistr təhsilini tamamlayıb. Təsviri sənətin bir çox sahələrində təcrübə qazansa da, zamanla öz yaradıcılıq istiqamətini kukla sənəti və qrafika üzərində cəmləyib. Onun əl işlərində polimer gil, parça, pambıq kimi müxtəlif materialların harmonik şəkildə sintezi əsas yer tutur. Retro üsluba olan marağı kuklalarında xüsusi nostalji atmosfer yaradır. Nuranə Abdullayevanın yaradıcılığı daha çox konkret süjetlərdən deyil, hiss və emosiyalardan qaynaqlanır. Uşaqlıq xatirələri, daxili duyğuları və yaddaşındakı izlər onun əsərlərinin əsas ilham mənbəyidir. Bu səbəbdən hər kukla fərqli bir ruh və ovqat daşıyır. 2019-cu ildən fəaliyyət göstərən emalatxanası onun üçün sadəcə iş yeri deyil, eyni zamanda yaradıcılıq məkanı və ikinci evidir. Burada o, həm öz işlərini yaradır, həm tələbələrlə çalışır, həm də müxtəlif texnikalar üzrə master-klasslar keçirir. Emalatxananın interyeri də onun əl işləri ilə formalaşıb. Bir çox əşyalar bərpa edilərək yenidən həyata qaytarılıb və məkanın özünəməxsus atmosferi yaradılıb.

Teqlər
Digər fotolar
arrow-up