Kateqoriyalar
Sırala
ID 0143070

Azərbaycan Milli Xalça Muzeyi

Azərbaycan Milli Xalça Muzeyi 1967-ci ildə görkəmli alim, xalçaçı rəssam, Xalq rəssamı Lətif Kərimovun təşəbbüsü ilə yaradılıb və dünyada xalça sənəti üzrə ixtisaslaşmış ilk muzeydir. Bu mədəniyyət ocağı 2014-cü ildən Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə layihəsi olan yeni binada fəaliyyət göstərir. Ən müasir tələblərə cavab verən, açılan xalça formalı unikal binanın müəllifi avstriyalı memar Frans Yansdır. Muzeyin “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kolleksiyalarında on bir mindən artıq eksponat mühafizə olunur. Kolleksiyalarda tunc dövründən müasir dövrə qədər yaradılan, əksəriyyəti XVII-XX əsrlərə aid əsərlər qorunub saxlanılır. Mədəniyyət və təhsil müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Milli Xalça Muzeyində kolleksiyaların tədqiqatı aparılır, onlara dair kitab və kataloqlar nəşr edilir. Burada unudulmuş toxuma texnikalarının yenidən dirçəldilməsinə və tədrisinə həsr olunmuş layihələr həyata keçirilir. Ölkədə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində müxtəlif yaş qruplarına aid uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların milli-mədəni irsə maraqlarının artırılması məqsədilə “Uşaq muzeyi” şöbəsi yaradılıb. Şöbədə çoxsaylı ustad dərsləri keçirilir, uzunmüddətli dərnəklər fəaliyyət göstərir. Azərbaycan Milli Xalça Muzeyi ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir. Burada mütəmadi olaraq Azərbaycanın, eləcə də dünyanın maddi mədəniyyət tarixinin hərtərəfli öyrənilməsinə töhfə verən sərgilər təşkil edilir, maarifləndirici və əyləncəli proqramlar hazırlanır.

Teqlər
Digər fotolar
arrow-up