Kateqoriyalar
Sırala
ID 0143568

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası

Bakıda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Vəkillər Kollegiyasının sədri Anar Bağırov açılış nitqində Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun Azərbaycan vəkilliyinin tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Həmin qanunun qəbulundan sonra ilk dəfə olaraq vəkillik müstəqil hüquqi təsisat kimi formalaşıb, hakimiyyətin heç bir qolundan asılı olmayan peşə birliyi statusu qazanıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində məhkəmə prosesində bərabərhüquqlu tərəf kimi iştirak etməyə başlayıb. Sədr çıxışında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda vəkillərin sayı 2 950 nəfərə çatıb. 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub. Həmin imtahanlarda 7 000-dən çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və Kollegiyanın üzvü olub. Vəkilliyə namizədlər sırasında Konstitusiya Məhkəməsinin sabiq sədr müavini olan Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizədin də yer aldığı bildirilib. Tədbir çərçivəsində Vəkillər Kollegiyası ilə “PAŞA Holding” arasında "LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsinin qarşılıqlı əlaqələndirilməsi, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkili və həyata keçirilməsi, müxtəlif qanunvericilik sahələri üzrə informasiya mübadiləsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Teqlər
Digər fotolar
icon
arrow-up