Kateqoriyalar
Sırala
ID 0143721

Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu

Bu gün Üçüncü Bahar İctimai Birliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dillər Universitetinin Dünya dilləri kafedrasının bir qrup müəllimi tərəfindən ictimai əsaslarla hazırlanmış "Cırtdanın səyahəti" adlı inklüzivliyə dair ilk üçdilli kitabın təqdimat mərasimi keçirilib. İnklüziv təhsil müasir dünyada humanist təhsil paradiqmasının əsas tərkib hissələrindən biri kimi qiymətləndirilir. Beynəlxalq təcrübə göstərir ki, inklüziv təhsil dünyanın qabaqcıl ölkələrində bərabərlik və əlçatanlıq prinsiplərinə əsaslanaraq müxtəlif inklüziv modellər tətbiq edilir. İnklüziv təhsilin uğurlu tətbiqi kadr hazırlığını, uyğunlaşdırılmış proqramların hazırlanmasını və innovativ texnologiyaların fəal istifadəsini özündə birləşdirən sistemli yanaşmaya əsaslanır. İnklüziv yanaşmaların tətbiqi məqsədilə Azərbaycan Dillər Universitetinin Dünya dilləri kafedrasının bir qrup müəllimi tərəfindən ictimai əsaslarla ingilis, fransız və alman dillərində tədris-metodik vəsaitlər hazırlanıb. Layihənin əsas məqsədi inklüziv cəmiyyətdə maariflənmənin əlçatanlığını təmin etməkdir. Layihənin rəhbəri, professor Nərgiz Seyidova çıxışında inklüziv yanaşmaların xarici dillərin tədrisinə inteqrasiyasının xüsusi əhəmiyyətindən, müxtəlif təhsil ehtiyacları olan şəxslərdə kommunikativ kompetensiyaların formalaşmasına mühüm töhfə verdiyini qeyd edib. O bildirib ki, hazırlanmış vəsaitlər fərdi xüsusiyyətlər və qavrama səviyyələri nəzərə alınmaqla tərtib olunub və dil bacarıqlarının mərhələli şəkildə formalaşdırılmasına xidmət edir. N.Seyidova vurğulayıb ki, materiallarda sadələşdirilmiş izahlar, vizual dəstək elementləri və praktik tapşırıqların yer alması inklüziv təhsil mühitində onların effektiv istifadəsini təmin edir. Təqdimat zamanı yaşlı və gənc nəslin nümayəndələrinin iştirakı ilə xarici dillərdə şeirlər və mahnılar ifa olunub.

Digər fotolar
arrow-up