Kateqoriyalar
Sırala
ID 0145196

Bakı Xoreoqrafiya Akademiyası

Bakıda peşəkar balet təhsilinin əsası 1922-ci ildə Əli Bayramov adına Mərkəzi Klubun nəzdində yaradılan Balet Studiyası ilə qoyulub. Bir il sonra fəaliyyətini genişləndirən studiya şəhərdə balet sənətinin inkişafı üçün mühüm mərkəzə çevrilib. Sonrakı illərdə bu təhsil ocağı Bakı Xoreoqrafiya Məktəbi kimi formalaşaraq ölkənin aparıcı balet sənətkarlarını yetişdirib. Məktəbin ən tanınmış yetirmələrindən biri Azərbaycanın ilk böyük balerinası Qəmər Almaszadə olub. O, sonralar burada pedaqoji fəaliyyət göstərərək Leyla Vəkilova, Rəfiqə Axundova və Tamilla Şirəliyeva kimi məşhur sənətkarların yetişməsinə töhfə verib. Təhsil müəssisəsində klassik baletlə yanaşı, milli rəqs ənənələrinin də qorunmasına xüsusi diqqət ayrılıb və bu istiqamətdə ayrıca bölmə fəaliyyət göstərib. 2014-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu gün Akademiyada ümumi təhsildən başlayaraq bakalavr, magistratura və doktorantura səviyyələrinədək təhsil verilir. Baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi, teatrşünaslıq, sənətşünaslıq və digər əlaqəli ixtisas və ixtisaslaşmalar üzrə mütəxəssislər hazırlayan Akademiya Azərbaycan xoreoqrafiya sənətinin inkişafında mühüm rol oynamaqda davam edir.

Digər fotolar
arrow-up