Kateqoriyalar
Sırala
ID 0145489

Mozaika ustası Xatirə Tapdıqova

Mozaika ustası Xatirə Tapdıqova 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. İxtisasca memar-dizayner olan sənətkar 22 yaşından etibarən mozaika sənəti ilə məşğul olmağa başlayıb. O, yaradıcılığında əsasən Şərq ədəbiyyatından ilham aldığını, xüsusilə Nizami Gəncəvinin “Xəmsə”si əsasında yaradılmış miniatürlərdəki qadın obrazlarının ona böyük təsir göstərdiyini bildirir. Xatirə Tapdıqovanın Nizami Gəncəvi, Firdovsi və Cami kimi klassiklərin əsərlərinə həsr etdiyi miniatürlər həm qədim ənənələri yaşadır, həm də müasir bədii yanaşmanı özündə əks etdirir. O, əsərlərini sədəflərlə mikromozaika üslubunda hazırlayır. Bu incə və zəhmət tələb edən texnikada əsas məqsəd ideyanı sədəf və ya taxta üzərində dəqiq şəkildə ifadə etməkdir. İş prosesində sədəflər rənginə görə seçilir, xırdalanır və xüsusi dəqiqliklə yerinə yapışdırılır. Lupa vasitəsilə icra olunan hər bir əsərin hazırlanmasına təxminən bir ay vaxt sərf edilir. Kompozisiyada işıq, kölgə və hissəciklərin harmoniyasına xüsusi diqqət yetirilir, kənar hissələr isə gümüşlə şəbəkə texnikasında işlənir. Əsərin davamlılığını təmin etmək üçün səthi epoksid qətranla örtülür. Xatirə Tapdıqova hesab edir ki, Şərq mədəniyyətinin zəngin irsini əks etdirən bu əl işləri Azərbaycan miniatür sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Digər fotolar
arrow-up