Kateqoriyalar
Sırala
ID 0146244

Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin "Məzun günü"

İyunun 22-si Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən, ölkəmizdə ilahiyyat təhsilinin inkişafı və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması prosesinə mühüm töhfələr verən Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat Kollecinin "Məzun günü" keçirilib. Dövlət Himni ilə başlayan mərasimdə Qurani-Kərimdən ayələr tilavət olunub. "Məzun günü"ndə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ-nin rektoru Aqil Şirinov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbir çərçivəsində Aİİ və BİK-in tələbələrinin ifasında Hüseyn Cavidin "Vətən", Əliağa Vahidin "Vətəndir" və Həmzə Nigarinin "Qarabağ" şeirləri əsasında hazırlanmış qəzəl kompozisiyası təqdim olunub. Daha sonra Aİİ-nin bakalavr və magistratura səviyyələri, eləcə də BİK-in məzunlarının çıxışları dinlənilib. Məzunlar təhsil aldıqları müddətdə qazandıqları bilik və təcrübəyə görə müəllimlərinə və İnstitut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Aİİ-nin ötən buraxılışlarının məzunları çıxış edərək təhsil aldıqları dövrə dair xatirələrini bölüşərək, hazırda fəaliyyət göstərdikləri sahələrdə əldə etdikləri uğurlardan danışıblar, gənc məzunlara tövsiyələrini çatdırıblar. Tədbirdə tələbələrin ifasında Əsmaül-Hüsna və Nizami Gəncəvinin "Minacat" əsərindən ibarət ilahi təqdim olunub. Daha sonra məzun andı səsləndirilib. Tədbirdə Aİİ və BİK-in yüksək akademik göstəricilərlə fərqlənən məzunları, elmi-ictimai fəaliyyətdə aktiv iştirak edən müəllimləri və əməkdaşlari təltif olunublar. Sonda məzunlarla xatirə fotosu çəkdirilib. Qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutunun V, Bakı İlahiyyat Kollecinin isə I məzun buraxılışı olub.

Digər fotolar
arrow-up