Kateqoriyalar
Sırala
ID 0146451

Aktyor, rejissor və ssenarist Səyavuş Hüseynli

Səyavuş Kərim oğlu Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakültəsinə daxil olub, 1992-ci ildə ali təhsilini başa vurub. İlk sənət müəllimi tanınmış teatr rejissoru Nəsir Sadıqzadə olub. Peşəkar yaradıcılıq fəaliyyətinə 1989-cu ildə Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi "Gənclər" Teatrında aktyor kimi başlayıb. Teatrın ilk premyerası olan Yusif Səmədoğlunun "Qətl günü" tamaşasında rol alıb. 1993–1994-cü illərdə Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərliyi ilə yaradılan Pantomim Teatr-Studiyasının ilk aktyor heyətinin üzvlərindən biri olub. Onun Bəxtiyar Xanızadə ilə yaradıcılıq əməkdaşlığı hələ universitet illərində başlayıb. 1992–1993-cü illərdə ANS telekanalı ilə əməkdaşlıq edərək müxtəlif əyləncəli proqramların və qısametrajlı televiziya filmlərinin hazırlanmasında aktyor və ssenarist kimi iştirak edib. "Tramvay", "Tramvay 2", "Çarli Çaplin", "8 Mart" və digər qısametrajlı komediya filmlərində baş rolları canlandırıb, eyni zamanda həmin ekran işlərinin ssenari müəlliflərindən biri olub. 1996-cı ildə Anton Çexovun hekayəsi əsasında çəkilən "Kiçik leytenant" bədii filminin ssenari müəllifi və baş rolun ifaçısı kimi çıxış edib. 1997–1999-cu illərdə Space telekanalı ilə əməkdaşlıq edərək müxtəlif əyləncəli proqramların və reklam çarxlarının hazırlanmasında rejissor, müəllif və aparıcı kimi fəaliyyət göstərib. 1998-ci il noyabrın 3-də təsis edilən "SOY Production" şirkətinin həmtəsisçisi və bədii rəhbəri olub. 2007–2011-ci illərdə nəşr olunan "BİZ+" jurnalının baş redaktoru vəzifəsini icra edib.

Digər fotolar
arrow-up