Vl "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi
VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə start verilib. Yarımfinal mərhələsində iştirak hüququ qazanan 331 namizəd idarəetmə bacarıqları üzrə keçirilən imtahanı müvəffəqiyyətlə tamamlayaraq bu mərhələyə yüksəlib. Bu mərhələdə iştirakçılar real iş mühitinə uyğun hazırlanmış situasiyalar və keys tapşırıqları əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Üç gün davam edəcək yarımfinal mərhələsi çərçivəsində namizədlər 9 səriştə üzrə ekspertlər tərəfindən qiymətləndiriləcəklər. Bu səriştələr strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətlərini əhatə edir. Qiymətləndirmə prosesi beynəlxalq təcrübəyə əsaslanan və obyektivliyi ilə seçilən "Qiymətləndirmə konfransı" -"Assessment Conference" metodu ilə həyata keçirilir. Bu metod hər bir iştirakçının performansına çoxşaxəli yanaşmanı təmin edir və yekun qərarların kollegial əsasda verilməsinə imkan yaradır. Yarımfinal mərhələsi iyulun 5-də başa çatacaq. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 17-19 iyul tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
