Kateqoriyalar
Sırala
ID 0147378

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun şəhidlik zirvəsinə ucaldığı gündür. 2020-ci il iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı o, tabeliyində olan əsgərlərlə birlikdə ön xətdə şəhid olub. Göstərdiyi igidlik və fədakarlıq xalqın yaddaşında silinməz iz buraxıb. Həyat yoldaşı Ofelya Salmanova üçün isə o, ilk növbədə 17 il həyatını paylaşdığı ömür yoldaşı, övladlarının atasıdır. O qeyd edir ki, hər il bu tarixlərdə onun haqqında danışmaq çətin olsa da, xatirəsini yaşatmaq və keçdiyi həyat yolundan bəhs etmək özünün ən böyük missiyalarından biridir. Onun sözlərinə görə, Polad Həşimov nizam-intizamı, möhkəm iradəsi və özünəməxsus xarakteri ilə seçilən insan olub. Hərbi xidmətdə ciddi və tələbkar olması ilə tanınsa da, ailə daxilində tamamilə fərqli – mehriban, qayğıkeş və həssas biri idi. Polad Həşimov qadınlara xüsusi hörmət bəsləyir, onların çətinliklərlə üz-üzə qalmasını istəmirdi. Ofelya xanım bildirir ki, general üçün ən böyük dəyər ailəsi idi. Bu baxımdan onlar həm gözəl ailə, həm də sarsılmaz dostluq münasibəti qurmağa nail olmuşdular. Onun fikrincə, Polad Həşimov həyatına toxunduğu insanların yaddaşında dərin iz buraxıb. Vəfatından sonra müxtəlif insanların onun haqqında söylədiyi xoş sözlər də bunu bir daha təsdiqləyir. Ofelya Salmanova bildirir ki, onu tanıyan insanlarla qarşılaşanda hər zaman onlardan həyat yoldaşı haqqında danışmalarını istəyir. Çünki hər bir xatirə onun üçün əvəzolunmaz dəyər daşıyır. Həyat yoldaşının sözlərinə görə, Polad Həşimovun ən böyük arzularından biri işğal altında olan torpaqların azad edilməsi idi. Bir hərbçi və general kimi bu günü görmək istəyirdi. Məhz bu səbəbdən onun ruhunun şad olduğunu düşünür. Ofelya Salmanova ən unudulmaz xatirələrindən birinin generalın Daşkəsən dağlarından onun üçün dərib gətirdiyi çiçəklər olduğunu deyir. Bu gün isə ən çox onun evə gəlişləri, özünəməxsus qapı döyməsi üçün darıxır. Hələ də bəzi axşamlar qapının döyüləcəyini və Polad Həşimovun içəri girəcəyini xəyal edir. O hesab edir ki, gənclər generalın qəhrəmanlığından örnək götürməlidirlər. Qəhrəmanlıq isə yalnız döyüş meydanında göstərilən şücaətlə məhdudlaşmır. İnsanlara qarşı fədakar olmaq, ləyaqətli davranmaq, başqalarını düşünmək də böyük qəhrəmanlıq nümunəsidir. Onun sözlərinə görə, Polad Həşimovun irsi gənc nəsil üçün həm vətənpərvərlik, həm də yüksək insani dəyərlər baxımından əvəzsiz nümunədir.

Digər fotolar
arrow-up