Kateqoriyalar
Sırala
ID 0147825

95 yaşlı dərzi Rasim Məmmədov

Şəkinin Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğuna aparan küçədə, qədim binalardan birinin birinci mərtəbəsində yerləşən kiçik bir dərzi emalatxanası artıq 80 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu emalatxananın sahibi 95 yaşlı Rasim Məmmədovdur. Şəkidə onu və emalatxanasını tanımayan demək olar ki, yoxdur. Rasim dayının iş rejimi uzun onilliklərdir dəyişməyib. O, hər səhər erkən saatlarda emalatxanasının qapısını açır və sevdiyi peşəsinin başına keçir. Sənətə gəlişini isə həmişə böyük qürurla xatırlayır. Onun sözlərinə görə, bu peşəni seçməsində ən böyük rolu anası oynayıb. Emalatxanada bu gün də istifadə etdiyi tikiş maşını 1924-cü ildə atası tərəfindən alınıb. Bu qədim tikiş maşını Rasim dayının ömür yolunun və sənət sevgisinin canlı şahididir. Rasim Məmmədovun sözlərinə görə, ikinci Dünya müharibəsi illərində Azərbaycana deportasiya olunan iki yəhudi ailəsinin himayəsi Rasim dayının ailəsinə tapşırılmışdı. Həmin ailələrdən birinin üzvü peşəkar dərzi idi və 1941-1948-ci illərdə onların evində yaşayıb. Rasim dayı həmin ustadan dərziliyin sirlərini öyrəndiyini, sənətinin formalaşmasında onun böyük rolu olduğunu minnətdarlıqla xatırlayır. Rasim dayı zarafatla deyir ki, bir vaxtlar Şəki xanından sonra şəhərin ən varlı adamı elə özü olub. Vaxtı ilə dərzilikdən qazandığı gəlirin bol olduğunu bildirən usta hesab edir ki, insan peşəsini sevərək vicdanla icra edərsə, hər yerdə tanınar. O, bu gün də yaxşı sənətkarın hörmətinin sərhəd tanımadığına inanır və deyir ki, məhz peşəsinə olan sevgisi sayəsində onu dünyanın müxtəlif ölkələrində tanıyırlar.

Digər fotolar
arrow-up