Kateqoriyalar
Sırala
ID 0148578

Gəncədə fəaliyyət göstərən Məhsəti Gəncəvi Mərkəzi

Gəncədə yerləşən Məhsəti Gəncəvi Mərkəzi Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin zəngin ədəbi irsinin təbliği və yaşadılması məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Mərkəzin açılışı 2014-cü il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib. Mərkəzdə şairənin həyat və yaradıcılığına həsr olunmuş rəsm qalereyası, tədqiqatçılar üçün oxu zalı, musiqi studiyası, not kitabxanası, muğam və fortepiano şöbələri, həmçinin iclas zalı fəaliyyət göstərir. Oxu zalında Məhsəti Gəncəvinin həyat və yaradıcılığına dair kitablar, onun rübailərinin Azərbaycan, rus və ingilis dillərində elektron versiyaları, eləcə də Azərbaycan ədəbiyyatı, musiqisi və xalçaçılığına aid müxtəlif nəşrlər təqdim olunur. Mərkəzdə, həmçinin Məhsəti Gəncəvinin 900 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Reyms və Miluz şəhərlərində keçirilmiş sərgi və konsertlərdən fotolar, eləcə də milli musiqi alətləri nümayiş etdirilir. Milli geyimlər sərgisində Məhsətinin yaşadığı dövrə, xüsusilə Intibah dövrünün qadın geyimlərinə aid nümunələr təqdim olunur. Rəsm qalereyasında şairənin obrazını və rübailərini əks etdirən tablolar, monumental sənət əsərləri sərgilənir. Məhsəti otağında isə şairənin heykəli ucaldılıb, proyektor vasitəsilə onunla bağlı miniatür və rəsm əsərləri ziyarətçilərə təqdim edilir.

Digər fotolar
arrow-up