Kateqoriyalar
Sırala
ID 0149635

"Ulduz" jurnalının baş redaktoru şair Qulu Ağsəs

Bəzi şairlər sözün içində yaşayır, bəziləri isə sözlə həyat arasında görünməz bir qapı açır. Qulu Ağsəs də ikinci cür şairlərdəndir. 20 aprel 1969-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olan şair müasir Azərbaycan poeziyasının seçilən nümayəndələrindən biridir. Onun ilk şeiri 1980-ci ildə çap olunub, 1990-cı ildə isə “Ulduz” jurnalında yayımlanan şeirləri ilə ədəbi aləmdə daha geniş tanınmağa başlayıb. “Sənsən hər yer”, “Külək poçtdur”, “Nabran novellası”, “Nöqtələr” və digər kitabların müəllifi olan Qulu Ağsəsin əsərləri müxtəlif dillərə tərcümə edilib. O, 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2014-cü ildən “Ulduz” jurnalının baş redaktorudur. Qulu Ağsəsin poeziyasında və düşüncələrində gülüşlə kədər, insanla Tanrı, torpaqla göy arasında özünəməxsus bir əlaqə hiss olunur. Şairlə söhbət zamanı gündəlik həyatla bağlı suallar belə tezliklə fəlsəfi məna qazanır. Onun yumor hissinin güclü olması barədə suala cavab verən Qulu Ağsəs həyatı özü bir lətifə kimi dəyərləndirir. Şairin fikrincə, həmin lətifə bitəndə həyat da başa çatır. İnsan ömrünün tragikomediya olduğunu deyən Qulu Ağsəsə görə, bu ömürdə həm ağlamaq, həm də gülmək var. İnsan həyatın mahiyyətini dərk etdikcə gülüşün içində gizlənən faciəni, faciənin içindəki gülüşü də görməyə başlayır. Şair müasir insanın getdikcə daha primitiv şeylərlə qidalandığını və sanki göyə baxmağı unutduğunu düşünür. Onun fikrincə, insanın mənəvi dünyasını yalnız gündəlik qayğılar deyil, təbiətin özü də qidalandırmalıdır: Qulu Ağsəs bu fikrini özünəməxsus ifadə edir. O, buludlu havalardan birində ənənəvi olaraq günəşə SMS göndərdiyini deyir: “Ay qardaş, ay günəş, sənin iş günündür. Sən məzuniyyətə qışda çıxırsan. Bu nə məsuliyyətsizlikdir?” Şairə görə, insanın ruhunu bəzən bir bulud, külək və ya yağış da doyura bilər. Bunun üçün isə ən vacib şərt baxmağı bacarmaqdır. Qulu Ağsəsin yaradıcılığında Tanrı mövzusu da xüsusi yer tutur. Vaxtilə yazdığı “Gözüm Tanrı taxtındadı – Onun da yeri boş deyil” misralarının bu gün də onun düşüncələrində yaşayıb-yaşamadığı barədə suala cavabında şair insanla Tanrı arasındakı münasibəti iki nöqtə arasında qurulan dialoqa bənzədir. Onun sözlərinə görə, insanın bütün ömrü soruşanla cavab gözləyən arasında keçir. Bəzən insan danışır, göy susur, bəzən isə insan susur və bəlkə də göy danışır. Bu dialoqun mahiyyətini anlamağın çətin olduğunu deyən şair isə bir fikrində əmindir: “Tanrı taxtının yeri boş deyil.”

Teqlər
Digər fotolar
arrow-up