Kateqoriyalar
Sırala
ID 0149775

Şəkidə təşkil olunan Üzüm Yığımı Festivalı

Şəkidə Üzüm Yığımı Festivalı ilə bağlı iki günlük proqram baş tutub. Avqustun 28-i festival proqramı çərçivəsində qonaqlar üçün Şəkinin tarixi və mədəni irsi ilə tanışlıq məqsədilə geniş ekskursiya keçirilib. Ekskursiya zamanı qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisini gəzib. Burada Şəki Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkərək şəhərin qədim tarixi və zəngin mədəni irsi ilə bağlı nadir eksponatlarla tanış olublar. Daha sonra Şəbəkə Emalatxanası və Təlim Mərkəzini də ziyarət edən qonaqlar bu sənətin incəliklərini öyrənib, mərkəzin iş prinsipi və ustaların əl işləri ilə yaxından tanış olublar. Ekskursiya iştirakçıları növbəti ünvan olaraq XVIII yüzillikdə Şəki xanının sifarişi ilə ucaldılmış tarixi Xan məscidi kompleksini ziyarət ediblər. Şəkidə səfərdə olan qonaqlar şəhərin tarixi-mədəni irsini kəşf etmək üçün qədim Karvansarayı ziyarət ediblər. Karvansarayın əzəmətli görkəmi və unikal ab-havası səfər iştirakçılarının xüsusi marağına səbəb olub. Şəkinin mədəni irsini kəşf etməyə davam edən qonaqlar Miniatür Muzeyində olub, burada sərgilənən nadir eksponatlar və şəhərin tarixi abidələri haqqında ətraflı məlumat eldə ediblər. Beləliklə, Üzüm Yığımı Festivalından əvvəl şəhərin tarixi, memarlığı, sənətkarlığı, ipəkçilik və mədəni irsi ilə yaxından tanış olan qonaqlar unudulmaz təəssüratlarla yadda qalan bir səfər yaşayıblar. Proqramın ikinci günündə Şəki Şərab Zavodunun ərazisində Üzüm Yığımı Festivalının əsas tədbirləri keçirilib. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsi və “Sheki Wines” tərəfindən təşkil olunan festivalda ənənəvi üzüm yığımı, şərab dequstasiyası, qastronomiya, musiqi və sənətkarlıq yarmarkası təşkil edilib. Festivalın davam edən saatlarında isə milli rəqs və folklor kollektivlərinin çıxışları, konsret proqramı, atəşfəşanlıq və.s təşkil edilib.

Digər fotolar
arrow-up