Kateqoriyalar
Sırala
ID 0149868

“Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə” mövzusunda keçirilən IV Beynəlxalq Konfrans

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir. Sentyabrın 2-3-də keçirilən konfrans “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusuna həsr olunub.Tədbirdə dünyanın müxtəlif ölkələrindən 400-dən çox nümayəndə iştirak edir. Konfransın əsas məqsədi mina probleminin qlobal müstəvidə müzakirəsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və mina təhlükəsindən azad edilmiş ərazilərin təhlükəsiz və dayanıqlı bərpası ilə bağlı təcrübə mübadiləsidir. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib. Prezident müraciətində bildirib ki, humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır. “Torpaqlar minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməyincə heç bir şəhər, kənd və ya qəsəbə tam şəkildə yenidən qurula bilməz”, - deyə İlham Əliyev vurğulayıb. Dövlət başçısı Azərbaycanın mina ilə ən çox çirklənmiş ölkələrdən birinə çevrildiyini qeyd edib: “Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib”. Prezident mina probleminin həlli üçün beynəlxalq həmrəyliyin vacibliyini də vurğulayıb: “Mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir”. ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa prosesində əldə etdiyi təcrübədən danışıb. O, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi və innovativ yanaşmaların əhəmiyyətini qeyd edib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Həyat Nəsər isə Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində fəaliyyətini və BMT ilə əməkdaşlığını vurğulayıb. İki gün davam edəcək konfrans çərçivəsində humanitar minatəmizləmə, təhlükəsiz yaşayış məskənlərinin yaradılması, ərazilərin bərpası və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılacaq.

Digər fotolar
icon
arrow-up