Kateqoriyalar
Sırala
ID 0149887

IV Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günü

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb. “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusuna həsr olunan konfransda 60 ölkədən 400-dən çox nümayəndə iştirak edib. Tədbirin ikinci günündə minalardan təsirlənmiş şəhərlərin bərpası, müasir texnologiyalar və innovasiyaların tətbiqi, eləcə də müxtəlif ölkələrin humanitar mina fəaliyyəti sahəsində təcrübələrinə dair panel müzakirələri keçirilib. Müzakirələrdə mina təhlükəsinin aradan qaldırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, süni intellekt və yüksək texnologiyalardan istifadə, həmçinin minalardan təmizlənmiş ərazilərin dayanıqlı bərpası məsələləri diqqət mərkəzində olub. Konfransda çıxış edən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, müharibə başa çatsa da, mina problemi hələ də qalır. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh müzakirə edilərkən mina təhlükəsi də nəzərə alınmalıdır. “Hər bir mina partlayışı sülh quruculuğunu ləngidir”, – deyə E.Əmirbəyov vurğulayıb. O qeyd edib ki, Azərbaycanda minatəmizləmə üçün vəsaitin 95 faizi dövlət hesabına təmin edilir. Beynəlxalq dəstəyin artırılmasının vacibliyini vurğulayan Əmirbəyov yüksək texnologiyalı dronların alınması və süni intellektdən daha geniş istifadə üçün əlavə maliyyəyə ehtiyac olduğunu bildirib. E.Əmirbəyovun sözlərinə görə, Azərbaycanın 13 faizdən çox ərazisi minalar və partlamamış hərbi sursatlarla çirklənib. Müharibənin başa çatmasından təxminən altı il keçməsinə baxmayaraq, minalarla çirklənmiş ərazilərin 75 faizi hələ də təhlükə mənbəyidir. O bildirib ki, mina təhlükəsi insanların təhlükəsizliyi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı qarşısında ciddi maneə olaraq qalır. Bununla yanaşı, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparır, kənd və şəhərlər, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa edilir. Konfransın yekununda humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini və mina təhlükəsinin aradan qaldırılması istiqamətində səylərin artırılmasını nəzərdə tutan yekun sənəd qəbul edilib.

Teqlər
Digər fotolar
arrow-up