Kateqoriyalar
Sırala
ID 0150191

Bakı Konqres Mərkəzində keçirilən IV İqlim Həftəsinin ikinci günü

İqlim dəyişikliklərinin torpaq və su ehtiyatlarına təzyiqi artırdığı bir şəraitdə kənd təsərrüfatı sektorunun daha sürətli, ağıllı və dayanıqlı transformasiyası zərurətə çevrilib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanın aqrar sektora baxışı məhsuldar, rəqabətqabiliyyətli, iqlimədavamlı və innovasiyalara əsaslanan inkişaf modelinə dayanır. Onun sözlərinə görə, bu strateji hədəflər “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da əksini tapıb. Nazir qeyd edib ki, 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu ərazilərin təxminən 130 min hektardan 300 min hektara çatdırılması hədəflənir. İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması, sektorun rəqəmsallaşdırılması çərçivəsində isə süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, dronlar və sensorlardan istifadə nəzərdə tutulur. Hazırda ölkə üzrə 180-dən çox meteoroloji və iqlim stansiyasının qurulması davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat bildirib ki, FAO aqro-ərzaq sistemlərinin transformasiyasını dəstəkləyir. Məqsəd fermerlərin, xüsusən kiçik təsərrüfat sahiblərinin, qadınların və gənclərin iqlim dəyişikliklərinə uyğunlaşmaq üçün zəruri bilik, texnologiya, maliyyə və tərəfdaşlıqlara çıxışını təmin etməkdir. Hayat vurğulayıb ki, kənd təsərrüfatı həm iqlim dəyişikliyinə səbəb olan, həm də ondan təsirlənən sahələrdən biridir: “Artan temperatur, uzun sürən quraqlıqlar, torpaqların deqradasiyası, su çatışmazlığı və daha tez-tez baş verən kəskin hava hadisələri artıq kənd təsərrüfatına təsir edir”. O qeyd edib ki, əsas məqsəd daha az təbii resurslardan istifadə etməklə daha çox istehsala nail olmaq və fermerlərin dəyişən iqlim şəraitinə uyğunlaşmasını təmin etməkdir. FAO-nun təbii ehtiyatlar üzrə mütəxəssisi Evetta Zenina bildirib ki, “Bakı Harmoniya” təşəbbüsünün əsas prioritetlərindən biri fermerlərin iqlim maliyyəsinə çıxışını yaxşılaşdırmaqdır. Onun sözlərinə görə, təbii ehtiyatların idarə olunmasında parçalanmış yanaşmaya yol vermək olmaz və ərzaq, su və iqlim məsələlərinə inteqrasiya olunmuş şəkildə yanaşılmalıdır. Deputat Tahir Rzayev bildirib ki, Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı üçün hüquqi baza təkmilləşdirilir. O qeyd edib ki, su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma, rəqəmsal kənd təsərrüfatı, aqrar sığorta, innovasiyalar və fermerlərin maliyyəyə çıxışı üçün hüquqi bazanın formalaşdırılması və yenilənməsi günümüzün tələbidir. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev vurğulayıb ki, iqlimə davamlı ərzaq sistemi üçün bütün tərəflərin birgə fəaliyyəti vacibdir: “Bu yanaşma hökumətlərin, beynəlxalq tərəfdaşların, maliyyə institutlarının, özəl sektorun və fermerlərin özlərinin birgə fəaliyyətini tələb edir. Məqsəd böyükdür, lakin biz daha güclü və iqlimə davamlı ərzaq sistemləri qurmaq imkanına sahibik”. Məcnun Məmmədov həmçinin qeyd edib ki, ölkələr yalnız texnologiyaya deyil, məlumat infrastrukturuna, insan kapitalına, institusional potensiala və rəqəmsal bacarıqlara sərmayə qoymalıdır. Nazir bildirib: “Ən əsası, bu transformasiya fermeryönümlü və inklüziv olmalıdır. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər rəqəmsal transformasiyanın yaratdığı imkanlardan faydalana bilməlidir”. Nazirin sözlərinə görə, məsuliyyət innovasiyanın dayanıqlılığa, məlumatın daha düzgün qərarların qəbuluna, texnologiyanın isə nəticə etibarilə insanlara xidmət etməsini təmin etməkdir.

Digər fotolar
arrow-up