Kateqoriyalar
Sırala
ID 0150776

Azərbaycan Qran-prisi: “Formula 2”də sərbəst yürüş

Bu gün Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək. Yarışın ilk günündə “Formula 1” üzrə iki sərbəst yürüş, “Formula 2” üzrə isə sərbəst yürüş və iki sıralama turu keçiriləcək. “Formula 2” üzrə sərbəst yürüş artıq başa çatıb. “Art Grand Prix” komandasının pilotu Kuş Maini ən yaxşı nəticəni göstərib. “Rodin Motorsport”dan Aleks Dann ikinci, “Campos Racing”dən Nikola Tsolov isə üçüncü olub. Bakı treki 20 döngədən və 51 dövrədən ibarətdir. Trekin ümumi uzunluğu 306,049 kilometrdir. Paytaxtda ilk “Formula 1” yarışı 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib. Sonrakı yarışlar isə Azərbaycan Qran-prisi adı altında təşkil olunub. 2016-cı ildə almaniyalı Niko Rosberq Bakıda qalib gəlib. Sonrakı illərdə Daniel Rikkardo, Lüis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen Bakı yarışında finiş xəttini birinci keçiblər. Serxio Peres 2023-cü ildə ikinci dəfə Bakıda qalib olub. 2024-cü ildə Oskar Piastri, 2025-ci ildə isə Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibi olub. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda “Formula 1” yarışı keçirilməyib. Azərbaycan Qran-prisindən əvvəl “Mercedes” komandasının italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla pilotlar çempionatında liderdir. Onun britaniyalı komanda yoldaşı Corc Rassell 211 xalla ikinci, “Ferrari”nin pilotu Lüis Hemilton isə 191 xalla üçüncü pillədə qərarlaşıb. Konstruktorlar Kubokunda “Mercedes” 503 xalla liderdir. “Ferrari” 358 xalla ikinci, “McLaren” isə 306 xalla üçüncü yerdədir. Azərbaycan Qran-prisinin ilk gününün proqramına əsasən, saat 10:00-da “Formula 2” üzrə sərbəst yürüş keçirilib. Saat 12:30-da “Formula 1” üzrə birinci sərbəst yürüş, 14:00 və 14:30-da “Formula 2” üzrə iki sıralama turu, saat 16:00-da isə “Formula 1” üzrə ikinci sərbəst yürüş keçiriləcək.

Digər fotolar
arrow-up