Kateqoriyalar
Sırala
ID 0150896

Rəhilə Ramazanova — XTQ şəhidi, Kapitan Nurlan Mustafayevin anası

Mən şəhid anasıyam. Bu sözün içində həm dünyanın ən ağır ağrısı, həm də bir ananın daşıya biləcəyi ən böyük qürur var. Övladını itirmək insanın içində heç vaxt sağalmayan yara açır. Amma mən Nurlanın adını çəkəndə həmin ağrının içindən bir qürur da boylanır. Çünki mənim oğlum Vətəni üçün yaşadı, əsgərləri üçün nəfəs aldı və son nəfəsində də vətəni üçün can verdi. Nurlan 1990-cı ildə Sumqayıtda anadan olub, orta məktəbi Bakıda oxuyub. 8-ci sinifdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Hərbi Liseyə yüksək balla, ikinci nəticə ilə qəbul olunmuşdu. Daha sonra ali hərbi təhsilini Almaniyada aldı. Üç il orada oxudu, buraxılışın ən yaxşı əcnəbi kursantı seçildi, atıcılıq üzrə qızıl medal qazandı və müxtəlif yarışlarda birinciliklər əldə etdi. Təyinatını Murova verdilər. Dörd il orada, düşmənlə üzbəüz xidmət etdi. General Polad Həşimovun rəhbərliyi altında xidmət edirdi. Polad Həşimov şəhid olanda Nurlana çox pis təsir etdi. Bir dəfə ondan soruşdum: “Nurlan, generalı belə tərifləyirlər, doğrudanmı bu qədər yaxşı insan idi?” Mənə dedi: “Ana, hələ az deyirlər”. Nurlanın əsgərlərinə münasibəti mənim üçün həmişə xüsusi olub. Tağımında 14 nəfər əsgəri vardı. Nə alırdısa, 14 ədəd alırdı. Deyirdi: “Ana, dağın başında mən geyinim, əsgərim üşüsün?” Əsgərlərini çox sevirdi. Təlimdə sərt, təlimdən sonra isə onların qardaşı olurdu. Atışma zamanı əsgərlərinə təhlükəsiz yerdə gözləməyi tapşırır, özü isə gizirlərlə birlikdə cavab atəşi açırdı. Həmişə deyirdi: “Mənim yanımda bir əsgərin burnu qanamayıb”. Onun üçün bundan böyük rahatlıq yox idi. Nurlan mülki həyatda gülərüz və pozitiv, formasını geyinəndə isə ciddi və məsuliyyətli idi. Qarabağın işğalda olması onun üçün böyük ağrı idi. Almaniyada təhsil aldığı vaxt Azərbaycan Ordusu haqqında təqdimat hazırlamışdı. Təqdimatdan sonra mənə dedi: “Ana, təqdimat elə olmasa yaxşı idi”. Həmin təqdimatda torpaqlarımızın işğalda olması ilə bağlı deyilən sözlər onu çox ağır incitmişdi. Deyirdi: “Heç yerdə ordumuzu rahat tərifləyə bilmirəm”. 2018-ci ildə Türkiyədə 23 ölkənin xüsusi təyinatlılarının iştirak etdiyi təlim yarışında Nurlanın komandası birinci yerə çıxdı. Xidmət yoldaşları ona fiziki gücünə və hazırlığına görə “Canavar” deyirdilər. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Nurlan döyüşlərə getdi. Murovdağdan Füzuliyə, oradan Hadrut istiqamətinə qədər döyüş yolu keçdi. Bizə çox şey danışmırdı. Ana üçün ən ağır şey övladının döyüşdə olduğunu bilib onun başına nələr gəldiyini bilməməkdir. Oktyabrın 11-də onunla sonuncu dəfə danışdım. Dedi: “Hər şey yaxşıdır, qaydasındadır, irəliləyirik, narahat olmayın”. Səsində yorğunluq var idi amma ruh düşkünlüyü yoxdu. Mənimlə danışdıqdan bir neçə saat sonra şəhid oldu. Digər oğlum bunu bilmişdi, amma gecə evə gəlməmişdi ki, mən hiss edərəm. Səhəri gün gəlib dedi ki, qardaşım yaralanıb. Mən axşama qədər ümid etdim. Allaha yalvardım ki, əli-qolu olmasın, amma nəfəsi gəlsin. Axşam bildim ki, məni aldadıblar. Deyirlər, ən yaxşı dərman zamandır. Amma övlad yarasının məlhəmi yoxdur. Onu heç bir həkim, heç bir loğman sağalda bilməz. Nurlan 2020-ci ilin martında ailə qurmuşdu. Cəmi yeddi ay evli qaldı. Döyüşə getməzdən əvvəl ata olacağını öyrənmişdi və buna çox sevinmişdi. Övladı üçün planları vardı. Oğlu olacağını eşidəndə demişdi: “Onun gələcəyi üçün çoxlu planlarım var”. Nurlan ölümündən sonra müxtəlif dövlət təltiflərinə layiq görüldü. Amma mənim üçün o, ilk növbədə medalları olan bir zabit deyil. O, mənim oğlumdur. Dağın başında özü üşüsə də, əsgərinin üşüməsini istəməyən Nurlandır.

Digər fotolar
arrow-up