Kateqoriyalar
Sırala
ID 0151464

Dövlət Turizm Agentliyinin Palçıq Vulkanları Turizm Kompleksinə təşkil etdiyi mediatur

Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində jurnalistlər Palçıq Vulkanları Turizm Kompleksinin fəaliyyəti, burada yaradılan infrastruktur və Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən turizm layihələri ilə tanış olublar. 2024-cü il iyunun 13-də istifadəyə verilən Palçıq Vulkanları Turizm Kompleksi paytaxta səfər edən turistlərin maraq göstərdiyi turizm məkanlarından biridir. Kompleksdə Turizm İnformasiya Mərkəzi, palçıq vulkanları və minerallar haqqında məlumatların təqdim olunduğu sərgi zalı, dulusçuluq və neftlə rəsm çəkilməsi üzrə emalatxanalar, həmçinin Azərbaycan və dünya faunasına aid nümunələrin nümayiş etdirildiyi təbiət tarixi sərgi zalı fəaliyyət göstərir. Bu ilin yanvar-avqust aylarında kompleksi 28 979 nəfər ziyarət edib. Onların 26 235-i xarici, 2 744-ü yerli turist olub. Xarici ziyarətçilər 150-dən çox ölkəni təmsil ediblər. Kompleksin ərazisində turistlər “Qılınc” və neft püskürən vulkanları yaxından müşahidə edə, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanlarından biri olan “Torağay”ı isə kənardan izləyə bilirlər. Mediatur zamanı qoruqlardan əldə olunan gəlirlərin infrastrukturun saxlanılması və inkişafına yönəldilməsi, yeni turizm məhsullarının yaradılması və Dövlət-Özəl Tərəfdaşlıq modeli çərçivəsində görülən işlər barədə də məlumat verilib.

Digər fotolar
arrow-up