Kateqoriyalar
Sırala
ID 0151649

Şuşada keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü

Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivləri Şuşada keçirilən üçtərəfli görüşdə müzakirə olunub. Şuşada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib. Görüşün yekununda protokol imzalanıb. Nazirlər daha sonra mətbuata bəyanatlarla çıxış ediblər. Zakir Həsənov bildirib ki, dünyada siyasi gərginliyin artdığı, müxtəlif çətinliklərin, iqtisadi və digər maneələrin yarandığı bir şəraitdə ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, üç ölkənin müdafiə nazirləri səviyyəsində keçirilən 13-cü görüş Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı dostluq, qardaşlıq və strateji dialoqun nümunəsidir. Nazir qeyd edib ki, görüş zamanı münasibətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf perspektivləri, əldə olunan nəticələr, regionda cərəyan edən hərbi-siyasi proseslər, hərbi təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Zakir Həsənov vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq regional sabitlik, təhlükəsizlik və inkişaf baxımından mühüm platformadır. O bildirib ki, tərəflər əməkdaşlığın inkişaf dinamikasından razıdır və birgə səylərlə bu əməkdaşlığı daha da genişləndirmək və dərinləşdirmək niyyətindədir.

Digər fotolar
icon
arrow-up