Kateqoriyalar
Sırala
ID 0152084

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə prosesi ilə tanış olublar

Bir qrup beynəlxalq səyyah Azərbaycanın Cəbrayıl rayonunun Həsənli kəndinə səfər edib və orada azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanış olub. Səfər zamanı qonaqlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti ilə tanış olublar. Agentliyin nümayəndələri xarici səyyahlara işğal dövründə Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərin minalanması nəticəsində yaranan mina təhlükəsinin miqyası, eləcə də digər partlayıcı əşyaların dinc əhalinin həyatı üçün yaratdığı təhlükə barədə məlumat veriblər. Xüsusi diqqət mina təhlükəsinin keçmiş məcburi köçkünlərin doğma evlərinə təhlükəsiz qayıtmasına və bərpa işlərinin aparılmasına mane olmasına yönəldilib. Nümayəndə heyətinin iştirakçılarına minaların aşkar edilməsi və zərərsizləşdirilməsi prosesi də nümayiş etdirilib. Qonaqlar ərazilərin partlayıcı əşyalardan təmizlənməsini və onların sonradan nəzarət altında zərərsizləşdirilməsini bilavasitə izləyə biliblər. Qeyd edək ki, "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Qarabağda və Şərqi Zəngəzurda səfərdədir. Nümayəndə heyətinin tərkibində 13 ölkədən 40-a yaxın şəxs var.

Digər fotolar
arrow-up