Hövsanda çirkab sular Xəzər dənizini və ərazini çirkləndirir
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində ekoloji vəziyyət narahatlıq doğurur. İri boru vasitəsilə çirkab suların birbaşa Xəzər dənizinə axıdılması ərazidə xoşagəlməz mənzərə yaradır. Bununla yanaşı, sahilboyu ərazilərə atılan müxtəlif tullantılar ətraf mühitin çirklənməsini daha da artırır. Dənizə axıdılan çirkab sular və əraziyə səpələnmiş zibillər təkcə sahilin görünüşünü korlamır, həm də Xəzərin ekoloji vəziyyəti ilə bağlı narahatlıq yaradır. Çirkab suların tərkibindəki zərərli maddələr dəniz suyunun keyfiyyətinə, sahil ekosisteminə və burada yaşayan canlılara mənfi təsir göstərə bilər. Nəzarətsiz şəkildə ətrafa atılan tullantılar isə ərazinin sanitar vəziyyətini pisləşdirir. Hövsan sahilində yaranmış bu mənzərə çirkab suların axıdılması və tullantıların idarə olunması məsələlərinin diqqətdə saxlanılmasının vacibliyini göstərir. Problemin aradan qaldırılması üçün çirkab suların axıdılma vəziyyətinin araşdırılması, ərazinin təmizlənməsi və ətraf mühitin mühafizəsi istiqamətində müvafiq tədbirlərin görülməsi zəruridir.
