Kateqoriyalar
Sırala
ID 0153036

İçərişəhərdə yerləşən “Çaydan Xəzinəsi Muzeyi”

İçərişəhərin tarixi-memarlıq irsinə yeni mədəni məkan əlavə olunub. 1375-ci ildə inşa edilmiş, ölkə əhəmiyyətli memarlıq abidəsi olan və xalq arasında “Çin məscidi” kimi tanınan Qazi Fəzlullah ibn Osman məscidində Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” fəaliyyətə başlayıb. Muzey dünya çay mədəniyyətinin zənginliyini, müxtəlif xalqların məişət və sənət ənənələrini əks etdirən nadir kolleksiyanı sistemli ekspozisiya şəklində təqdim edir. Muzeyin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və memar, pedaqoq, professor Elçin Əliyev çıxış edərək yeni mədəniyyət ocağının əhəmiyyətindən danışıblar. Muzeydə ümumilikdə 219 eksponat nümayiş olunur. Onların əksəriyyəti XX–XXI əsrlərdə Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Yaponiya və digər ölkələrdə hazırlanmış çini, gil, çuqun və şüşə çaydanlardır. Kolleksiyada klassik nümunələrlə yanaşı, barokko, rokoko, klassisizm və ampir üslublarının təsirini əks etdirən əşyalar, həmçinin məşhur markaların məhsulları yer alır. Layihənin əsas xüsusiyyətlərindən biri dünya çay mədəniyyətinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələri ilə əlaqələndirilməsidir. Ekspozisiyada samovar və armudu stəkanla yanaşı, qədim Şəki ərazisindən aşkarlanmış 3400 illik gil samovar da nümayiş olunur. Bu tapıntı bölgədə bitkilər və müxtəlif ədviyyatlarla hazırlanan dəmləmələrin qədim tarixinə diqqət çəkir. “Çaydan Xəzinəsi Muzeyi” məişət əşyalarının tarix, sənət və mədəni yaddaş daşıyıcısına çevrilməsini nümayiş etdirməklə yanaşı, paytaxt sakinləri və turistlər üçün Çindən Avropaya qədər uzanan çay mədəniyyətini tanımaq imkanı yaradır.

Digər fotolar
arrow-up