Kateqoriyalar
Sırala
ID 0153459

Bakıda keçirilən İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə rəhbərlərinin üçüncü iclası

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşü keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət məktubu səsləndirilib. Müraciəti Baş prokuror Kamran Əliyev oxuyub. Prezident müraciətində Azərbaycanın İƏT çərçivəsində əməkdaşlığın inkişafına, həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısı korrupsiyanın dövlət təsisatlarına ictimai etimadı sarsıdan, sosial ədalətə, sağlam rəqabətə və iqtisadi inkişafa xələl gətirən cinayət olduğunu qeyd edib. Bu cinayətlərin bəzi hallarda transsərhəd xarakter daşıdığını bildirən Prezident milli və beynəlxalq səviyyədə birgə tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Müraciətdə “İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası”nın bu sahədə vahid hüquqi platforma formalaşdıran strateji sənəd olduğu vurğulanıb. Azərbaycanın Konvensiyaya qoşulmasının beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətinə diqqət çəkilib. İlham Əliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirib. Qanunvericiliyin təkmilləşdirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və ictimai nəzarətin gücləndirilməsi bu sahədə mühüm addımlar kimi qeyd olunub. Prezident, həmçinin Azərbaycanın işğal altında olmuş ərazilərində təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarına toxunub. Bildirilib ki, bu fəaliyyət regionun ekologiyasına ciddi ziyan vurub, əldə edilən külli miqdarda gəlir isə beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb. Müraciətdə rəqəmsal inkişafın və süni intellektin korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, yeni korrupsiya formalarının və rəqəmsal maliyyə alətlərindən sui-istifadə hallarının yaranmasına da şərait yaratdığı vurğulanıb. Müasir texnoloji həllərdən səmərəli istifadənin bu cinayətlərin qarşısının alınması və araşdırılması baxımından əhəmiyyəti qeyd edilib. Dövlət başçısı əminliyini ifadə edib ki, Bakıda keçirilən görüşdə aparılacaq müzakirələr və irəli sürüləcək təkliflər İƏT üzv dövlətləri arasında korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın güclənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına töhfə verəcək. Prezident İlham Əliyev iclasın işinə uğurlar arzulayıb. Qeyd edək ki, qlobal tədbirdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunur. İştirakçılar arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, eləcə də üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.

Digər fotolar
arrow-up