Kateqoriyalar
Sırala
ID 0153636

Bakı Kitab Mərkəzində keçirilən “The War for Karabakh” kitabının təqdimatı

“Baku Book Center”də “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (The War for Karabakh: Strategy, Technology, and Victory) kitabının təqdimatı keçirilib. Təqdimatda kitabın müəllifləri Liam Kollinz (Liam Collins) və Con Spenser (John Spencer) nəşrin hazırlanma prosesi, tədqiqatların əsas istiqamətləri və əldə etdikləri nəticələr barədə məlumat veriblər. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinə həsr olunan kitab təxminən iki il ərzində hazırlanıb. Nəşr Azərbaycanın müharibədəki qələbəsini araşdıran ilk xarici genişmiqyaslı sistemli hərbi tədqiqatlardan biridir. Araşdırmada Uest-Poynt Hərbi Akademiyasının mütəxəssisləri də iştirak ediblər. Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri, Birinci Qarabağ müharibəsi, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi və sonrakı hərbi-siyasi proseslər təhlil olunub. Kitabda Azərbaycanın müharibəyə hazırlıq strategiyası, “Dəmir Yumruq” əməliyyatı, Hadrut, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərindəki hərbi əməliyyatlar, Şuşa uğrunda döyüşlər və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri əhatə edilib. Kitabın diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə əlaqələndirilməsi barədə fikirlərin tənqidi təhlilidir. Müəlliflər qələbənin əsasını milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsində görürlər. Əsərdə müasir döyüş sistemlərinin tətbiqi, qüvvələrin səpələnməsi, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadə və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsi Azərbaycanın hərbi uğurunun mühüm amilləri kimi göstərilib. Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə, eləcə də müəlliflərin döyüş bölgələrinə səfərləri zamanı həyata keçirdikləri araşdırmalara əsaslanır. Müəlliflərin qənaətinə görə, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Milli güc, ardıcıl dövlət və ordu quruculuğu, iqtisadi potensial, kommunikasiya strategiyası və ideoloji iş də bu prosesdə mühüm rol oynayır. Kitabda Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş əməliyyatlarının strateji idarə olunmasındakı rolu, beynəlxalq kommunikasiya fəaliyyəti və dezinformasiya ilə mübarizəsi də vurğulanıb. Qeyd edək ki, müəlliflər kitabdan əvvəl Hadrut və Şuşa uğrunda döyüşlərə dair tədqiqatlar aparıb və bu mövzuda məqalələr dərc etdiriblər.

Digər fotolar
arrow-up