Kateqoriyalar
Sırala
ID 0154428

"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi

Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanın nümayəndə heyətləri iştirak ediblər. Bağlanış mərasimi çərçivəsində İƏT-ə üzv ölkələrin iştirakı ilə turizm sərgisi təşkil olunub. Sərgidə hər bir ölkə xüsusi stendlə təmsil olunaraq özünün turizm potensialını, zəngin mədəni irsini, tarixi abidələrini və səyahət imkanlarını təqdim edib. İştirakçılar müxtəlif ölkələrin turizm istiqamətləri, mədəni ənənələri və təbii sərvətləri ilə tanış olmaq imkanı əldə ediblər. Tədbirlər proqramı çərçivəsində 2026-cı il ərzində Şuşada həyata keçirilən tədbirlərə və şəhərin turizm paytaxtı kimi fəaliyyəti dövründə görülən işlərə dair hesabat xarakterli təqdimat da nümayiş etdirilib. Təqdimatda Şuşanın beynəlxalq turizm məkanına çevrilməsi, şəhərin tarixi-mədəni irsinin tanıdılması və turizm imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər əks olunub. Mərasimin əsas məqamlarından biri Şuşanın 2026-cı il üzrə İƏT-in turizm paytaxtı statusunun başa çatması və bu titulun növbəti il üçün Pakistanın Lahor şəhərinə təhvil verilməsi olub. Beləliklə, 2027-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı missiyasını Lahor şəhəri davam etdirəcək. Bağlanış mərasimi Azərbaycan milli musiqisinin və müxtəlif ölkələrin mədəniyyətini əks etdirən incəsənət nümunələrinin təqdim olunduğu konsert proqramı ilə yekunlaşıb. Sənət nümayəndələrinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib, iştirakçılara zəngin mədəni proqram təqdim olunub.

Digər fotolar
arrow-up