Azərbaycan Qran-prisi: "Formula 1"də əsas yarış
Bakı daha bir sürət və mübarizə dolu “Formula 1” yarışına ev sahibliyi edib. Azərbaycan paytaxtının küçələrində salınan Bakı Şəhər Halqasında pilotlar 51 dövrə ərzində qələbə uğrunda mübarizə aparıblar. Yarışın sonunda podiumun sahibləri müəyyənləşib. “Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışında “Mercedes” pilotu Corc Rassell finiş xəttini birinci keçərək qalib olub. “Red Bull” komandasının pilotu Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü yeri tutub. Yarışdan sonra ilk üç pillədə qərarlaşan pilotların mükafatlandırma mərasimi keçirilib. Bununla da Corc Rassell karyerasında ilk dəfə Azərbaycan Qran-prisinin qalibi kimi podiuma yüksəlib. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər. Pilotlara mükafatları müvafiq olaraq Məhəmməd Ben Sulayem, Fərid Qayıbov və Anar Ələkbərov təqdim ediblər. Qeyd edək ki, Bakı Şəhər Halqası 20 döngədən ibarətdir. Trasın bir dövrəsinin uzunluğu 6,003 kilometr, 51 dövrəlik yarış məsafəsi isə 306,049 kilometrdir.

