Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir. Qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı qətliamı barədə də ətraflı məlumat verilib. Daha sonra akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndiyə gələrək Zəfər parkını ziyarət ediblər. Qonaqlar daha sonra Qarabağ Universitetinə gəlib, burada tədris prosesi, tələbələr və müəllimlər üçün yaradılmış şəraitlə tanış olublar.
