FHN-nin çimərlik mövsümünün başa çatması ilə bağlı təşkil etdiyi birifinq
Çimərlik mövsümünün başa çatması ilə bağlı Fövqəladə Hallar Nazirliyində brifinq keçirilib. Brifinqdə mövsüm ərzində sularda baş verən hadisələr və ölüm halları ilə bağlı statistik göstəricilər açıqlanıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlilinin sözlərinə görə, cari ilin çimərlik mövsümündə xilasedicilər tərəfindən sudan 59 nəfərin meyiti çıxarılıb. Ötən ilin analoji dövründə bu göstərici 68 nəfər olub. Müəyyən edilib ki, sudan çıxarılan 59 nəfərdən 29-u birbaşa çimərkən suda boğulma nəticəsində həyatını itirib. Digər ölüm hallarının ilkin araşdırmalara əsasən ehtiyatsızlıq, balıqçılıq fəaliyyəti və digər səbəblərlə bağlı olduğu müəyyənləşdirilib. Cari ilin ötən dövründə qeyri-çimərlik ərazilərində də sudan 64 nəfərin meyiti çıxarılıb. Ötən ilin analoji dövründə bu rəqəm 85 nəfər olub. Beləliklə, qeyri-çimərlik ərazilərində sudan çıxarılan meyitlərin sayında təxminən 25 faiz azalma qeydə alınıb.

