Kateqoriyalar
Sırala

Güləş üzrə U-17 Dünya Çempionatının altıncı günü

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı başa çatıb. Yarışın son günündə Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov millinin aktivinə daha bir medal yazdırıb. 51 kq çəki dərəcəsində çıxış edən idmançı finala qədər uğurlu çıxış nümayiş etdirib. O, 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2, 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3, yarımfinalda isə Rusiya təmsilçisi İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Finalda İran güləşçisi Benyamin Cəfər Aşofteh Mayvanla qarşılaşan Həsənov 1:5 hesabı ilə məğlub olub və dünya çempionatının gümüş medalına sahib çıxıb. Beləliklə, Azərbaycan millisi ev sahibliyi etdiyi U-17 dünya çempionatını ümumilikdə 7 medalla başa vurub. Komandamızın heyətində yunan-Roma güləşi üzrə Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq), İsfahan Həsənov (80 kq) və sərbəst güləş üzrə İbrahim Həsənov (51 kq) gümüş medal qazanıblar. Bürünc medallara isə yunan-Roma güləşçiləri Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) sahib olublar. Qeyd edək ki, Bakıda keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi mübarizə aparıb. Azərbaycanın ev sahibliyi etdiyi mundial yüksək təşkilatçılığı və gərgin idman mübarizəsi ilə yadda qalıb.

Çəkiliş tarixi: 01 avqust 2026
Şəkillərin sayı: 65
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up