Kateqoriyalar
Sırala

Qayıq ustası Telman Mustafayev

Pirallahı sakini Telman Mustafayev uzun illərdir ki, əl əməyi ilə taxta qayıqlar hazırlayır. O deyir ki, qayıq düzəltməyə marağı hələ məktəb illərində yaranıb. Telman Mustafayevin sözlərinə görə, ilk qayıqlarını 16 yaşında hazırlayıb. Hətta bəzi qayıqları dənizin sahilə çıxardığı taxtalardan düzəldib. 1952-ci ildə Pirallahıda anadan olan usta hərbi xidmətdən qayıtdıqdan sonra bu sənətlə daha ciddi məşğul olmağa başlayıb. Pirallahıda bu qədim sənəti yaşadan ustalar yalnız Telman Mustafayev deyil. Vahid Nəbiyev və Rauf Mustafayev də illərdir ənənəvi taxta qayıq düzəldərək bu sənətin davam etməsinə töhfə verirlər. Onların hazırladığı qayıqlar həm balıqçılar, həm də dəniz həvəskarları tərəfindən yüksək qiymətləndirilir. Telman Mustafayev bildirir ki, qayıqlar əsasən şam ağacından hazırlanır: "Şam ağacını özüm yonuram. Əvvəl qayığın ölçülərini müəyyənləşdirir, sonra eskizini çəkirəm. Hər detalı ölçüyə uyğun yığdıqdan sonra işləməyə başlayıram. Bu iş səbir və dəqiqlik tələb edir", – deyə usta vurğulayır. O, hazırladığı hər bir qayığa xüsusi bağlılığı olduğunu da qeyd edir: "Düzəltdiyim bütün qayıqları sevirəm. Hər biri mənim üçün əzizdir." Onun əl işi taxta qayıqlarının qiyməti təxminən 6 min manatdır. Bu gün Telman Mustafayev, Vahid Nəbiyev və Rauf Mustafayev Pirallahıda ənənəvi qayıq ustalığı sənətini yaşadaraq Xəzərin dənizçilik irsini gələcək nəsillərə ötürməyə çalışırlar.

Çəkiliş tarixi: 08 avqust 2026
Şəkillərin sayı: 24
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up