Kateqoriyalar
Sırala

Qoruqların turizm imkanlarını nümayiş etdirmək üçün təşkil edilən mediatur

Oktyabrın 7-8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə media nümayəndələrinin Qobustandakı “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına səfəri təşkil olunub. Mediaturun məqsədi daxili turizm imkanlarını, qoruqlarda yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. Səfər çərçivəsində ölkə əhəmiyyətli memarlıq abidəsi olan “Diri Baba” türbəsinə baxış keçirilib. Bildirilib ki, burada infrastruktur, abadlıq və bərpa işləri aparılır, qədim qəbiristanlıqda arxeoloji qazıntılar həyata keçirilir. 2026-cı ilin yanvar-sentyabr aylarında türbəni 12 175 xarici turist bilet alaraq, 16 040 nəfər isə ödənişsiz ziyarət edib. “Basqal” qoruğunda tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası, küçələrin tarixi-memarlıq üslubunda yenilənməsi, ənənəvi sənətkarlığın dirçəldilməsi və turizm infrastrukturunun inkişafı barədə məlumat verilib. Görülən işlər nəticəsində qəsəbəni əvvəllər tərk etmiş sakinlərin bir qismi geri qayıdıb, indiyədək 20-yə yaxın ailə Basqalda məskunlaşıb. Hacı Bədəl məscidi, Məmməd Bağırova aid tarixi ev və Şeyx Məhəmməd məscidi ərazisində bərpa-konservasiya işləri yekunlaşmaq üzrədir. Mediatur iştirakçılarına “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində dayanıqlı turizm və “Turizm kəndi” konsepsiyası üzrə görüləcək işlər barədə də məlumat verilib. Jurnalistlər Basqal halvasının və pip dolmasının hazırlanması, kəlağayı istehsalı ilə tanış olub, yerli sahibkarlıq obyektlərinə baş çəkiblər. Kəlağayı sənətinin 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi bildirilib. “Lahıc” qoruğunda jurnalistlər qədim daş küçələri, Bədöyün məscidi, Hacı Gəray bulağı və “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Misgərlik emalatxanasına səfər zamanı sənətin hazırlanma prosesi nümayiş etdirilib. “Lahıc misgərlik sənəti”nin 2015-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi qeyd olunub. Media nümayəndələri həmçinin yerli arıçılıq təsərrüfatına baş çəkərək bal istehsalı barədə məlumat alıblar. Səfər zamanı jurnalistlərin sualları cavablandırılıb.

Çəkiliş tarixi: 08 oktyabr 2026
Şəkillərin sayı: 38
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up