Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib. Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb. Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə uyğun olaraq, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur. Yolasalma mərasimində Energetika Nazirliyinin təmsilçiləri və Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak ediblər.
Reportaj: Oxu.az