İkinci Dünya müharibəsinin 104 yaşlı veteranı Tamleyxa Həsənov
İkinci Dünya Müharibəsi veteranı Tamleyxa Həsənov 1921-ci ildə Culfa rayonunun Ərəfsə kəndində anadan olub. Müəllim olmaq ən böyük arzusu olan İkinci Dünya Müharibəsi veteranı buna görə Naxçıvan Pedaqoji Texnikumuna daxil olur. Texnikumu bitirdikdən sonra kənd məktəbində müəllim işləyən Tamleyxa Həsənov qısa müddət sonra cəbhəyə yollanır. O bildirib ki, müharibə illərini böyük bir kədərlə xatırlayır. 1942-1945-ci illərdə müharibədə iştirak edən və ağır yaralanan Tamleyxa Həsənova öz bilik və bacarığına görə kiçik hərbi rütbə də verilir. Elə bu rütbə də müharibənin bitməsinə baxmayaraq onun 1950-ci ilə qədər orduda xidmət etməsinə və tərxis olunmamasına səbəb olur. Yazı-pozunu və rus dilini bildiyi üçün müharibəyə getdikdən qısa müddət sonra onu “Serjant şkolaya” göndərirlər. Tamleyxa Həsənov orada hərbinin sirlərini öyrənib kursu uğurla bitirir. Müharibədən sonra Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) Atom silahlarının istehsal olunması prosesində Sibirdəki hərbi obyetləri mühafizə etmək üçün əsgərlərə ehtiyacı var idi, buna görə də müxtəlif yerlərdən olan bir çox əsgərlər müharibənin bitməsinə baxmayaraq, orduda saxlanılır və Sibirə göndərilirdi. Tamleyxa Həsənov da həmin əsgərlərdən biri idi. O, 5 il Sibirdə xidmət etdikdən sonra 1950-ci ildə hərbidən tərxis edilir və kəndinə qayıdıb orada müəllim işləyir. Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Uzun illər texnikumda həm müəllim, həm də tədris işləri üzrə direktor müavini vəzifələrində işləyən Tamleyxa Həsənov bildirib ki, müəllim olmağına, həmçinin İkinci Dünya Müharibəsindəki şücaətinə görə həmişə fəxr edib.
