Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəb
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi 1936-cı ildə Bakının “Sovetski” adlanan küçəsində bir evin zirzəmisində 8 nəfər şagirdlə fəaliyyətə başlayıb. Müxtəlif illərdə, müxtəlif adlarla fəaliyyət göstərən məktəb 2005-2006-cı illərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib. Məktəb uşaqların tam orta təhsilini həyata keçirir, şagirdlər məktəbdə ümumtəhsil proqramına əsasən təhsil alır. 1980-cı ildə məktəbin şagirdlərinin musiqiyə olan həvəsi və duyumu nəzərə alınaraq onlar üçün 38 nömrəli musiqi məktəbi təşkil olunub. Təhsil alan uşaqlar arasında həm gözdən əlil, həm də zəif görən uşaqlar var. Burada həmçinin gözdən əlil müəllimlər də çalışır, onlar uşaqları öz uğurları ilə ruhlandırır. Məktəbi bitirən bir çox şagirdlər burada qalıb müəllim kimi işləyir. Məktəbin ümumtəhsil proqramı ilə təhsil alan məzunları öz biliklərini nümayiş etdirərək ölkənin müxtəlif ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirmək şansı qazanırlar.
