Kateqoriyalar
Sırala
ID 0079474

İçərişəhərdə mövcud olmuş, hal-hazırda isə qalıqları qalmış Müqəddəs Varfolomey kilsəsi

Bir vaxtlar Bakıda, Qız Qalasının yaxınlığında yerləşən müqəddəs həvari Varfolomey kilsəsinin tikintisinə 1892-ci ildə başlanılıb və elə həmin il şəxsi ianələr hesabına başa çatdırılıb. Kilsə xristianlığın ilk şəhidlərindən biri hesab olunan həvari Varfolomeyin xatirəsinə həsr edilib. Kiçik ölçülü bu ibadətgahda Varfolomeyin təsviri və digər ikonalar yerləşdirilib. Kilsə memar İohan Edelin layihəsi əsasında rus memarlıq üslubunda inşa olunub və üzərində güzgülü xaç quraşdırılıb. Mənbələrə görə, burada ikonalar və dini broşuralar üçün ayrıca anbar da mövcud olub. İbadətgahın divarındakı mərmər xatirə lövhəsində qeyd olunurdu ki, bu ərazi Məsihin 12 həvarisindən biri olan Varfolomeyin imanı uğrunda şəhid olduğu yer kimi qəbul edilir. Qaynaqlara əsasən, kilsə 1936-cı ilə qədər fəaliyyət göstərib, daha sonra isə dağıdılıb. Hazırda kilsənin qalıqları yerləşən ərazidə hər il iyunun 24-də həvari Varfolomeyin anım günü münasibətilə ayinlər keçirilir.

Digər fotolar
arrow-up