Kateqoriyalar
Sırala
ID 0104834

Qarlı gecədən sübhədək Bakı

Yazın ilk ayı Azərbaycan ərazisinə güclü qarla qədəm qoydu. Fevralın son on gününü gah yağıb, gah ara-sıra görünən Günəşdə əriyib, gah da dəli küləklə sovrulan qar paytaxt sakinlərinin bir qismini çətinliklərlə üz-üzə qoydu. Amma hətta üzdən sıxıcı görünən adamların da hərdən romantik damarı tutur. Qar isə bu əhvalı gücləndirməyi bacarır. Xüsusilə gecələr Bakının ən qədim hissəsində - İçərişəhərdə gəzintiyə çıxanda pəncərələrdən axan sarı işıqda ətraf qızılı ilə bəyazın ahənginə bürünür. Dar küçələrin qara məhəccərli eyvanları ilə qarın parıltısından südlü qəhvə rəngi alan qala divarları insanı qış nağılının içinə düşmüş kimi hiss etdirir. Səhərə doğru qızılı çalarlar mavidən bəyazadək rəng dəyişdirir. Xüsusilə dənizkənarı bulvara doğru addımlayanda gecənin sehrli nağılından çıxıb özünü işgüzar paytaxtın hələ yuxudan ayılmamış qoynunda hiss edirsən. Qarı kürüyüb səhər gəzintisinə çıxanlara yol açan təmizlik işçiləri ilə Xəzərin buz kimi dalğalarında bir-biri ilə çarpışan qağayıların səsi bir-birinə qarışır. Bircə dənizin qoynunda sakitcə yırğalanan ördək dəstəsi qarı vecinə almır – çətinliklər Bakı qarı kimi müvəqqətidir.

Digər fotolar
arrow-up