Jurnalistlər və blogerlər üçün "Nine Senses" yaradıcılıq və incəsənət mərkəzinə təşkil olunan media-tur
Bakıda keçiriləcək "Nine Senses Fest 2025" festivalı ərəfəsində ictimaiyyəti tədbir barədə məlumatlandırmaq məqsədilə jurnalistlər və tanınmış blogerlər üçün "Nine Senses" yaradıcılıq və incəsənət mərkəzinə media-tur təşkil edilib. Tur zamanı “Nine Senses” incəsənət mərkəzinin akademik direktoru Natalya Jukova mərkəzin fəaliyyəti barədə geniş məlumat verib. Festival barədə məlumat verən Natalya Jukova bildirib ki, "Nine Senses Fest 2025" Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses Art Center"in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçiriləcək. “Ənənədən hərəkətə doğru” sloqanı altında keçiriləcək festivalın missiyası insanın ruhani və fiziki potensialının harmonik inkişafını dəstəkləmək, qədim və müasir biliklər arasında körpü yaratmaqdır. Festival, həmçinin müxtəlif mədəni bilikləri yerli ənənələrlə birləşdirərək müəllimlər arasında təcrübə mübadiləsini təşviq etməyi hədəfləyir.
