Kateqoriyalar
Sırala
ID 0111944

Qobustanda yerləşən XV əsrə aid Diri Baba türbəsi

XV əsrin memarlıq nümunələrindən biri də Qobustan rayonunun Mərəzə kəndində yerləşən Diri Baba türbəsidir. 1402-ci ilə aid türbə qayalıqda yerləşməsi, ümumi quruluşu və memarlıq ünsürlərinin formasına görə Şirvan-Abşeron abidələri içərisində xüsusi yer tutur. Abidə ikimərtəbəli, ağ əhəngdaşından inşa edilib. Birinci mərtəbə iki otaqdan - səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağ tavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzədilmiş günbəzli olan dördkünc böyük salondan ibarətdir. Qalanın memarının adı məlum deyil. Belə ki, günbəzin içəri tərəfində beş yerdə memarın adı qeyd olunsa da, bir zamanlar baxımsız qaldığı üçün həmin hissələr silinib. Divarlarda sadəcə "Ustad Hacı oğlu" yazısına rast gəlinir. Türbə haqqında yerli camaat arasında müxtəlif rəvayətlər gəzir. Deyilənə görə, türbənin adı onun içərisində, daha dəqiq desək, ikinci mərtəbəsində dəfn edildiyi ehtimal edilən kişi ilə bağlıdır. Türbədə dəfn olunan şəxsin Şeyx İbrahim Xəlillullahın dövründə yaşamış biri olduğu ehtimal edilir. Rəvayətə görə, şahın dövründə yaşamış Şeyx Məhəmməd adlı şəxs burada ibadət edib. O, səcdədə bir xeyli dua edərmiş. Elə ibadət zamanı, səcdədə ölüb. Deyilənə görə, onun meyiti 300 il çürüməyib. Türbənin "Diri Baba" adlanması da məhz o kişinin meyitinin uzun illər çürüməməsi, diri qalması ilə əlaqəlidir. Rəvayət edirlər ki, babanın əynində boz əbası olub. Yerli camaat onun çürüməmiş meyitinin üzərindən əbanın hissələrini kəsərək özləri ilə götürüblər. Bu gün orada məzar var. Amma içərisində kimin yatdığı bəlli deyil. Həmin Şeyx Məhəmmədin, ümumiyyətlə, burada dəfn edilib-edilmədiyi də sual altındadır. Türbə yerli əhali tərəfindən müqəddəs məkan hesab edilir, insanlar bura qeyri-adi inancla bağlıdır.

Digər fotolar
arrow-up