Arxeologiya və Antropologiya İnstitutunun muzey-sərgi zalı
Arxeologiya və Antropologiya İnstitutunun təşəkkülü və formalaşması uzun tarixi prosesin nəticəsi ilə bağlı olub. 1974-cü ildə Tarix İnstitutunun nəzdində bir sıra şöbələri əhatə edən Arxeologiya və Etnoqrafiya Sektoru yaradılıb. 1993-cü ildə isə Arxeologiya və Etnoqrafiya sektorunun bazasında Arxeologiya və Etnoqrafiya İnstitutu təşkil olunub. 2021-ci ildə institut Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, 2024-cü il 19 yanvar tarixli qərarla isə Arxeologiya və Antropologiya İnstitutu adlandırılıb. Arxeologiya və Antropologiya İnstitutunun nəzdində onun muzey-sərgi zalı fəaliyyət göstərir. Muzey 1980-ci illərdə təşkil olunub, 1990-cı illərdə isə texniki təsisatla əlaqədar olaraq bağlanıb. Daha sonra 2015-ci ildə təmir olunaraq yenidən fəaliyyətə başlayıb. Muzeydə 36 vitrin, mindən çox eksponat var. Burada Azərbaycanın orta əsrlərə qədər olan bütün tarixi dövrlərinin maddi və mənəvi irsi əks etdirilir.
