İçərişəhərdə yerləşən Tolerantlıq Evi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə 2024-cü il 16 noyabr tarixində fəaliyyətə başlamış Tolerantlıq Evi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi tolerantlıq siyasətinin parlaq nümunəsidir. İçərişəhərdə yerləşən mərkəz Qafqaz Musəlmanları İdarəsinin (QMİ) nəznində fəaliyyət göstərir. Bura Azərbaycanın zəngin tolerantlıq dəyərlərini qorumaq, inkişaf etdirmək və dünyaya tanıtmaq məqsədilə yaradılmış unikal mədəniyyət və maarifləndirmə mərkəzidir. Burada əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmət və anlaşmanı gücləndirməkdir. Tolerantlıq Evinin ekspozisiyasını yəhudi, xristian və islam dinlərinə aid 400-dən artıq eksponat təşkil edir. Burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə və Azərbaycanda fəaliyyət göstərən digər dini icma rəhbərləri və din xadimlərinə dinlərarası və millətlər arasında sülhün, əməkdaşlığın və dostluğun inkişafında xidmətlərinə görə müxtəlif dövlətlər, dini qurumlar və təşkilatlar tərəfindən təqdim edilmiş orden və medallar, Şeyxülislama təqdim olunmuş dəyərli hədiyyə və mükafatlar, müxtəlif dini icmaların Tolerantlq Evində sərgilənmək üçün təqdim etdikləri eksponatlar nümayiş etdirilir. Tolerantlıq Evinin ən dəyərli eksponatlarından biri isə Məkkədən Azərbaycana hədiyyə edilən Kəbə evinin örtüyüdür.
