Binəqədi rayonunda yerləşən 8 hektarlıq baxımsız park
Paytaxtın Binəqədi rayonunda yerləşən və 8 hektar ərazini əhatə edən park hazırda baxımsızlıq səbəbindən xarabalığı xatırladır. Bir vaxtlar sakinlərin istirahət məkanı olan bu ərazidə yaşıllıqlar məhv olub, ot örtüyü quruyub, dekorativ bitkilər isə solğun görkəm alıb. Ən çox diqqət çəkən məqamlardan biri də ərazidə yerləşən süni gölün halıdır. Uzun müddətdir təmizlənməyən gölün səthi zibillə örtülüb, yosunlaşma səbəbindən ətrafda xoşagəlməz görüntü yaranıb. Həmçinin gölün ətrafında və üzərində qamışlıq, ot bitkiləri çoxalıb. Parkın ərazisində uşaqlar üçün oyun meydançaları yoxdur, bundan əlavə oturacaqlar sındırılıb, işıqlandırma sistemi isə işlək vəziyyətdə deyil. Parkın vəziyyəti təkcə estetik baxımdan yox, həm də ekoloji və sanitar vəziyyətə görə narahatlıq doğurur. İnsanların istirahəti üçün yaradılmış bu məkan hazırda tərk edilmiş və unudulmuş bir təsir bağışlayır.
