Şüvəlan qəsəbəsindəki çimərliklərə təşkil olunan mediatur
Avqustun 30-da Dövlət Turizm Agentliyi tərəfindən yay turizm mövsümünün ilkin nəticələri və yeni ictimai çimərliklərin fəaliyyəti ilə bağlı Şüvəlan qəsəbəsindəki çimərliklərə mediatur təşkil olunub. Mediatur çərçivəsində Abşeron yarımadasında yaradılmış 3 yeni çimərliyin təqdimatı olub. Eyni zamanda, Şüvəlanda beş sahibkarın fəaliyyət göstərdiyi üç çimərlikdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən abadlıq tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, yay mövsümünün əvvəlindən yerli və xarici turistlər tərəfindən Abşeron yarımadasındakı çimərliklərdə çatışmazlıqlarla bağlı Dövlət Turizm Agentliyinə çoxsaylı müraciətlər ünvanlanıb. Bu müraciətlər əsas götürülərək aparılan monitorinqlər nəticəsində bəzi çimərliklərdə sanitar-gigiyenik vəziyyət, zəruri infrastruktur, təmizlik qaydalarına riayət edilməsi, tullantıların idarəolunması, sahil zolağının təmiz saxlanılması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığı müəyyənləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində seçilmiş üç çimərlikdə müasir tələblərə cavab verən ictimai (ödənişsiz) çimərliklər yaradılıb. Pilot layihə çərçivəsində 15.3 hektar sahəni əhatə edən üç çimərlik ərazisində taxta döşəmələr, sanitar qovşaqlar, futbol və voleybol meydançaları, uşaqların əylənməsi üçün xüsusi meydança, masa və oturacaqlarla təmin olunmuş söhbətgahlar yaradılıb, günəşdən mühafizə çətirləri və çimərlik üçün digər zəruri avadanlıqlar quraşdırılıb.
