“Global Media Group” Beynəlxalq Sahilyanı Təmizlik Günündə iştirak edib
“Global Media Group” və onun tərkibində fəaliyyət göstərən qurumlar – “Global Management”, “Oxu.Az”, “Baku TV’, “Baku.ws”, “Report” İA, “Kaspi” qəzetinin Azərbaycan və rus redaksiyası, “Media.Az”, “Photostock”, “Caliber” 2025-ci il sentyabrın 20-də Bilgəh çimərliyində keçirilən “Xəzəri qoruyaq” ekoloji aksiyasına qoşulub. Aksiya dünyanın 100-dən çox ölkəsində eyni vaxtda icra olunan və su hövzələrinin tullantılardan təmizlənməsinə həsr edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində “Coca-Cola”nın təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlərlər Nazirliyi, özəl sektorlar, QHT-lər və könüllülərin iştirakı ilə baş tutub. “Global Media Group” artıq ikinci dəfə bu beynəlxalq aksiyada iştirak etməklə özünün ekoloji maarifləndirmə və ətraf mühitin qorunması siyasətinə sadiqliyini nümayiş etdirir. “İqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə yalnız dövlətlərin deyil, cəmiyyətin bütün üzvlərinin üzərinə məsuliyyət qoyur. Biz media şirkətləri qrupu olaraq üzərimizə düşən maarifləndirmə missiyasını davam etdirir, həm də əməkdaşlarımızla birlikdə sahil təmizliyi aksiyasında iştirak etməklə bu çağırışa praktiki töhfə veririk” – deyə “Global Media Group”un idarə heyətinin üzvü Rövşən Nizamov bildirib. BMT-nin Qlobal Sazişinin üzvü olan “Global Media Group” korporativ sosial məsuliyyət siyasəti çərçivəsində medianın inkişafı, ictimai maarifləndirmə və ətraf mühitin mühafizəsi istiqamətlərində davamlı layihələr həyata keçirir.
