“Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğuna təşkil olunan mediatur
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruğuna media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, qoruq İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları və mərkəzi Bazar meydanı yerləşir.
