Kateqoriyalar
Sırala
ID 0135724

20 Yanvar hadisələrini lentə alan fotojurnalist Rasim Sadıxov

Fotojurnalist Rasim Sadıxov 1990-cı ilin 20 Yanvar hadisələrini işıqlandıraraq həmin faciənin vizual tarixinin formalaşmasına mühüm töhfə verib. O, hadisələrin bu miqyasda və bu qədər amansızlıqla baş verəcəyini gözləməsə də, peşə məsuliyyətini hər şeydən üstün tutaraq həmin gün çəkiliş aparıb. Fotojurnalist çəkiliş zamanı bir neçə dəfə real təhlükə ilə üzləşib. Ümumilikdə 20 Yanvar hadisələri ilə bağlı 2500-ə yaxın foto çəkən Rasim Sadıxov üçün ən unudulmaz foto həyatının təhlükə altında olduğu anda qeydə aldığı kadr olub. O qeyd edir ki, həmin gün emosional yük nə qədər ağır olsa da, obyektiv mövqeni qorumaq daha vacib idi. Fotojurnalist bu hadisələrin gələcək nəsillər üçün tarixi sənəd xarakteri daşıdığını xüsusilə vurğulayır. Rasim Sadıxov bildirir ki, ekstremal situasiyalarda fotojurnalist həm vətəndaş, həm də peşə məsuliyyəti arasında balansı qorumağı bacarmalıdır. Onun fikrincə, həmin şəraitdə etik sərhəd həqiqəti hər şeydən üstün tutmaq və əldə olunan informasiyaları dünyaya çatdırmaqdan ibarət idi. "Bu hadisələrin bir gün tarixə çevriləcəyini bilirdim. Mənim ailəm, yaxınlarım, gələcəkdə hətta nəvələrim belə bu kadrları görəcəkdi. Düşünürəm ki, illər sonra nəvəmin həmin gün niyə foto çəkmədiyimi sual etməsi mənim üçün ən ağır mühakimə olardı", - deyə fotojurnalist əlavə edir. 

Digər fotolar
arrow-up